Şəxsi Məlumatların Emalı Siyasəti
Bu sənəd QR Gate sistemində şəxsi məlumatların hansı əsasla emal edildiyini və necə qorunduğunu izah edir. Sənəd Məxfilik Siyasəti ilə birlikdə tətbiq olunur.
1. Tərəflərin rolu
- Şirkət (istifadəçi) öz işçilərinin məlumatları baxımından məlumatların sahibi qismində çıxış edir: hansı məlumatın toplanacağını və hansı məqsədlə istifadə olunacağını o müəyyən edir.
- Proveb MMC həmin məlumatları şirkətin tapşırığı ilə, xidmətin göstərilməsi çərçivəsində emal edir.
2. Emalın qanuni əsası
İşçi məlumatları Sistemə yalnız qanuni əsas olduqda daxil edilir:
- əmək münasibətlərindən irəli gələn öhdəliklər (əmək müqaviləsi, iş vaxtının uçotu);
- işəgötürənin qanunvericiliklə müəyyən edilmiş uçot və hesabat öhdəliyi;
- zəruri hallarda - məlumat subyektinin razılığı.
İşçiləri məlumatlarının hansı məqsədlə toplandığı barədə əvvəlcədən məlumatlandırmaq işəgötürənin öhdəliyidir.
3. Emal edilən məlumat kateqoriyaları
- Şəxsi identifikasiya: ad, soyad, ata adı, vəzifə, tabel nömrəsi, əlaqə məlumatları.
- Davamiyyət: giriş və çıxış vaxtı, iş qrafiki, gecikmə və tez çıxma göstəriciləri, məzuniyyət və icazə qeydləri.
- Lokasiya: QR skan anında müəyyən edilən koordinatlar - yalnız işçinin təyin olunmuş giriş nöqtəsinin əhatə dairəsində olub-olmadığını yoxlamaq üçün. Davamlı izləmə aparılmır.
- Cihaz və şəbəkə: cihaz identifikatoru, IP ünvanı, tətbiq/brauzer məlumatları - saxta qeydiyyatın qarşısının alınması və təhlükəsizlik üçün.
- Sistem jurnalları: əməliyyat və giriş qeydləri - mübahisələrin araşdırılması və audit üçün.
4. Emalın prinsipləri
- yalnız bəyan edilmiş məqsəd üçün zəruri olan minimum həcmdə məlumat toplanır;
- məlumatlar bəyan edilmiş məqsəddən kənar istifadə olunmur;
- giriş hüququ rol əsasında məhdudlaşdırılır - hər istifadəçi yalnız öz səlahiyyəti çərçivəsindəki məlumatı görür;
- məlumatlar müntəzəm ehtiyat nüsxələnir və şifrələnmiş kanalla ötürülür.
5. Saxlanma və silinmə
Məlumatlar əmək münasibətləri və qanunvericiliklə müəyyən edilmiş uçot müddəti ərzində saxlanılır. Müddət bitdikdə və ya şirkətin əsaslandırılmış tələbi ilə məlumatlar silinir və ya anonimləşdirilir. Silinmə tələbi qanunvericiliklə müəyyən edilmiş saxlama öhdəliyi ilə ziddiyyət təşkil edərsə, həmin öhdəlik üstünlük təşkil edir.
6. Məlumat subyektinin hüquqları
İşçi öz məlumatları barədə məlumat almaq, yanlış məlumatın düzəldilməsini və qanunla nəzərdə tutulmuş hallarda silinməsini tələb etmək hüququna malikdir. Müraciət ilk növbədə işəgötürənə (şirkətə) ünvanlanır; texniki dəstək tələb olunduqda [email protected] ünvanına yazıla bilər.
7. Məsuliyyət
Sistemə qanuni əsas olmadan üçüncü şəxslərin məlumatlarının daxil edilməsinə görə məsuliyyət həmin məlumatı daxil edən şirkətin üzərinə düşür. Belə hallar aşkar edildikdə hesab bloklana bilər.