Demo İstifadə Şərtləri

Bu şərtlər QR Gate sisteminin ödənişsiz sınaq (demo) müddətində istifadəsinə şamil olunur. Demo girişindən istifadə etməklə iştirakçı bu şərtləri qəbul etmiş sayılır.

Diqqət: demo girişi ayrıca imzalanan «Ödənişsiz sınaq müddəti üzrə istifadə müqaviləsi» əsasında verilir. Bu səhifə həmin müqavilənin ümumi məzmununu izah edir və onu əvəz etmir - ziddiyyət yaranarsa imzalanmış müqavilə üstünlük təşkil edir.

1. Demo istifadənin mahiyyəti

  • Demo müddətində iştirakçıya sistemdən yalnız funksional sınaq və qiymətləndirmə məqsədilə istifadə hüququ verilir.
  • Verilən hüquq ödənişsiz, qeyri-eksklyuziv, üçüncü şəxslərə ötürülə bilməyən və geri çağırıla biləndir.
  • Sınaq müddəti giriş məlumatlarının iştirakçıya ötürüldüyü andan etibarən 14 təqvim günü təşkil edir. Müddət bitdikdə istifadə hüququ əlavə xəbərdarlıq edilmədən dayandırılır.
  • Proveb MMC demo girişini istənilən vaxt, səbəb göstərmədən dayandırmaq hüququnu saxlayır.

2. Demo zamanı əldə edilən məlumatlar

  • Demo müddətində əldə edilən bütün məlumatlar - sistemin quruluşu, funksiyaları, hesabat formaları və texniki həlləri daxil olmaqla - yalnız test və qiymətləndirmə məqsədilə istifadə edilə bilər.
  • Bu məlumatların kommersiya məqsədilə istifadəsi, yayılması və ya üçüncü şəxslərə açıqlanması qadağandır.
  • Demo mühitinə real işçi məlumatlarının daxil edilməsi tövsiyə olunmur. Daxil edilərsə, məsuliyyət və qanuni əsasın təmin edilməsi iştirakçının üzərinə düşür.
  • Demo mühitindəki məlumatlar müddət bitdikdən sonra silinə bilər - onlara arxiv kimi etibar edilməməlidir.

3. Məhdudiyyətlər

Demo iştirakçısının aşağıdakı hüquqları yoxdur:

  • sistemi tam və ya qismən kopyalamaq, təqlid etmək və ya surətini çıxarmaq;
  • ekran şəkli, video qeydiyyat və ya digər üsulla vizual surət hazırlayıb yaymaq;
  • sistemin məntiqindən və ya dizaynından bəhrələnərək oxşar/rəqib məhsul yaratmaq və ya bu məqsədlə üçüncü şəxsə yardım etmək;
  • daxili məntiqi öyrənmək məqsədilə tərs proqramlaşdırma, dekompilyasiya və ya avtomatlaşdırılmış alətlərdən istifadə etmək;
  • kommersiya sirrini yaymaq və ya sistemi icazəsiz məqsədlərlə istifadə etmək;
  • giriş məlumatlarını səlahiyyətli əməkdaşlardan kənar şəxslərə ötürmək.

Bu məhdudiyyətlər İntellektual Mülkiyyət Hüquqları sənədi ilə birlikdə tətbiq olunur.

4. Konfidensiallıq

Demo çərçivəsində əldə edilən texniki, texnoloji və kommersiya məlumatları məxfi məlumat sayılır. İştirakçı bu məlumatların qorunması üçün zəruri tədbirləri görməyə borcludur; öhdəlik demo müddəti bitdikdən sonra da 5 il ərzində qüvvədə qalır.

5. Zəmanətin olmaması

Demo mühiti «olduğu kimi» təqdim edilir. Bu müddət ərzində xidmətin fasiləsizliyinə, məlumatların qorunub saxlanmasına və konkret nəticəyə zəmanət verilmir.

6. Pozuntuya görə məsuliyyət

Bu şərtlərin pozulması aşkar edildikdə demo girişi dərhal dayandırılır. Proveb MMC dəymiş real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb etmək, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hüquqi tədbirlər görmək hüququna malikdir. Sistem jurnalları və giriş qeydləri pozuntu faktının müəyyən edilməsi üçün saxlanılır.

7. Kommersiya şərtləri

Demo müddətindən sonra xidmətdən istifadə ayrıca abunəlik və müvafiq müqavilə əsasında davam etdirilir. Konkret kommersiya şərtləri, qiymətlər və tərəflərin rekvizitləri ayrıca imzalanan müqavilə ilə müəyyən edilir və bu publik səhifədə dərc olunmur.